Rusiyada “Hizb ut-Təhrir əl-İslami”-nin üzvləri 6 il azadlıqdan məhrum edilib

Məhkəmənin fikrincə, qruplaşmanın son məqsədi Rusiya ərazisini “Böyük İslam Xilafəti”nin tərkibinə daxil etmək olub

Moskva, Roman Ağayev, İnteraz - 21 Noyabr 2013, 14:19

Rusiyada “Hizb ut-Təhrir əl-İslami” üzvləri 6 il azadlıqdan məhrum edilib.

 

“Hizb ut-Təhrir əl-İslami” (“İslam azadlıq partiyası”) Cənubi Ural regionunda fəaliyyət göstərirmiş. İnterAz-ın Rusiya bürosu Çelyabinsk vilayət məhkəməsinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, partiyanın regional bölməsinin lideri 35 yaşlı Rinat Qaliullin məhkəmə qərarı ilə 6,5 il müddətinə azadlıqdan məhrum edilib. O da qeyd olunur ki, R.Qaliullin bundan öncə “İslam azadlıq partiyası”nda iştirakına görə iki dəfə məhkəmə qarşısında cavab verməli olub. Bu dəfə bütün məhkum olunanlar Rusiya Cinayət Məcəlləsinin 278-ci maddəsi və 30-cu maddəsinin 1-ci hissəsinə əsasən hakimiyyətin zorla ələ keçirilməsinin hazırlanmasında təqsirli bilinib. 

 

Bir ilə yaxın davam etmiş istintaq nəticəsində bəlli olub ki, məhkum olunanlar fəal şəkildə öz sıralarına yeni tərəfdarlarını cəlb edirmiş. “Onlar nəticədə Rusiyada konstitusiya quruluşunun dəyişdirilməsinə gətirib çıxaracaq kütləvi hərəkətləri təşkil etmək niyyətində idilər”, - deyə məlumatda vurğulanır. Məhkəmənin fikrincə, qruplaşmanın son məqsədi Rusiya ərazisini “Böyük İslam Xilafəti”nin tərkibinə daxil etmək olub. 

 

O da qeyd olunur ki, müttəhimlər onlara qarşı irəli sürülən ittihamları təkzib etmir, lakin özlərini təqsirli də saymır. Qərarı çıxaran məhkəmə müttəhimlərin azyaşlı uşaqlarının olmasını, eləcə də iş və yaşayış yerlərindən olduqca müsbət xarakteristikalarını nəzərə alıb. 

 

Federal Təhlükəsizlik Xidmətinin Çelyabinsk vilayəti üzrə İdarəsinin məlumatına əsasən, “İslam azadlıq partiyası” Cənubi Uralda 2009-cu ildən 2011-ci ilə kimi daha aktiv şəkildə fəaliyyət göstərib. Qruplaşmanın ən fəal üzvləri keçən ilin avqistinda saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətində olan məlumata əsasən, “Hizb ut-Təhrir əl-İslami”-nin tərəfdarları fəal şəkildə sıralarına yeni tərəfdarlar cəlb edir, sonra onları ideoloji cəhətdən istiqamətləndirib qanunsuz hərbi birləşmələrin tərəfində hərbi əməliyyatlarda iştirak etmək üçün Suriya, Əfqanıstan, Pakistan, Şimali Qafqaza göndərir.

sss