İran nüvə sazişilə bağlı növbəti addımını açıqlayıb: Sentrifuqaların sayı iki qat artırılacaq

İran, ABŞ sanksiyalarına cavab olaraq “əlavə protokol”un icrasını dayandırdıqdan sonra atacağı növbəti addımı açıqlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Fevral 2021, 16:16

İran, ABŞ sanksiyalarına cavab olaraq “əlavə protokol”un icrasını dayandırdıqdan sonra atacağı növbəti addımı açıqlayıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu ölkənin Prezident Administrasiyasının sözçüsü Əli Rəbii bu gün nüvə sazişində öhdəliklərin azaldılması ilə bağlı açıqlamalar verib.

 

İranda BAEA-nin beynəlxalq müfəttişlərinin nəzarətlərini Bu gündən məhdudlaşdırıldığını deyən Əli Rəbii qeyd edib ki, bu addım, parlamentin “sanksiyaların zərərsizləşdirilməsi” təsdiq etdiyi qanun layihəsinə əsasən atılıb.

 

O əlavə edib ki, bundan sonra ölkənin Nətənz və Fordo nüvə təsisatlarında mövcud olan 492 sentrifuqa cihazından başqa daha 492 cihazın quraşdırılması nəzərdə tutulur.

 

Əlavə edilib ki, mövcud olanlar İranın “İR2M” tipli cihazlarıdır və uranın zənginləşdirilməsi üçün lazım olan növbəti cihazlar daha inkişaf etmiş İR4 və İR6 olacaq.

 

Qeyd edək ki, ABŞ, dünya ictimaiyyətinin İranla əldə etdiyi nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra rəsmi Tehrana qarşı sərt sanksiyalara başlayıb. İran, sazişdə qalan Avropa dövlətlərinin maliyyə köçürmələri və neftin satışı ilə bağlı öhdəliklərini yerinə yetirə bilməməsindən sonra, sazişdəki öhdəliklərini azaltmağa başlayıb.