Borrel Navalnının həbsinə görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar vəd edib

AB ölkələrinin xarici işlər nazirləri, müxalifətçi Aleksey Navalnı ilə bağlı Rusiyaya qarşı sanksiyaların hazırlanmasına dair siyasi qərar qəbul edib...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 23 Fevral 2021, 13:05

AB ölkələrinin xarici işlər nazirləri, müxalifətçi Aleksey Navalnı ilə bağlı Rusiyaya qarşı sanksiyaların hazırlanmasına dair siyasi qərar qəbul edib. 

 

İnterAz-ın İnterfaks-a istinadən verdiyi xəbərə görə, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrel açıqlayıb.

 

"Cənab Navalnı ilə bağlı vəziyyət ətrafında yaşanan hadisələrə cavab olaraq, onun saxlanılması, mühakimə olunması və cəzalandırılmasına görə məsuliyyət daşıyanlara qarşı məhdudlaşdırıcı tədbirlərin hazırlanması barədə siyasi razılıq əldə etdik", Borrel bildirib.

 

O, sanksiyaların bir həftədən gec olmayaraq hazır olacağını açıqlayıb.

 

Borrel kimlərə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq ediləcəyi barədə fərziyyələr irəli sürməyib.

 

Qeyd edək ki, fevralın 17-də 2014-cü il 30 dekabr tarixində Zamoskvoretsk rayon Məhkəməsinin çıxardığı hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Moskva Şəhər Məhkəməsi Aleksey Navalnı və onun qardaşı Oleq Navalnı barəsində hökmü qüvvədə saxlayıb.