Britaniya parlamenti leyboristlərin dəstəyi ilə Brexit sazişini təsdiqləyə bilər

İcmalar palatasında yaranan vəziyyətə görə, sazişin qəbul olunması üçün cəmi 19 leyboristin səsi kifayətdir...

Bakı, Aytən Əliyeva, İnteraz - 18 Oktyabr 2019, 14:27

Britaniya parlamenti ölkənin Avropa İttifaqının tərkibindən çıxması məqsədilə mühafizəkarlar hökumətinin tərəfini tutmağa hazır olan müxalif Leyborist partiyasından olan deputatların bir hissəsinin dəstəyi ilə Brexit şərtləri barədə Brüssellə əldə olunan sazişi qəbul edə bilər.

 

İnterAz AZƏRTAC-a istinadla xəbər verir ki, leyborist deputat Kerolayn Flint bir qədər əvvəl 50-dən çox partiya üzvünün Baş nazir Boris Consonun əldə etdiyi Brexit üzrə sazişi dəstəkləyə biləcəyini ehtimal edib. İcmalar palatasında yaranan vəziyyətə görə, sazişin qəbul olunması üçün cəmi 19 leyboristin səsi kifayətdir.

 

Xatırladaq ki, oktyabrın 17-də Avropa İttifaqının sammitində Brexit şərtlərinin parametrləri barədə razılaşma təsdiqlənib. Avropa ittifaqı və Böyük Britaniya nümayəndələri hələ ötən ilin dekabrında qəbul edən Brexit şərtləri üzrə 500 səhifəlik sazişə əlavə olunacaq İrlandiya və Şimali İrlandiya üzrə 100 səhifəlik mətni və 25 səhifəlik siyasi deklarasiyanı razılaşdırıb.

 

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs vermişdi.

 

Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Brexit prosesi əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salınıb. Vəziyyəti dalandan çıxara bilməyən Tereza Mey istefa vermək məcburiyyətində qalıb.