Honkonq polisi oktyabrın 20-nə təyin olunan küçə yürüşünü qadağan edib

Yürüş əvvəllər də oxşar aksiyaların kütləvi iğtişaşlarla müşayiət olunması nəzərə alınmaqla ictimai təhlükəsizlik səbəbindən qadağan edilib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 18 Oktyabr 2019, 12:50

Honkonq polisi hökumət əleyhinə növbəti mitinq astanasında müxalif qüvvələrin oktyabrın 20-də şəhərin materik hissəsində təyin olunan etiraz aksiyasını qadağan edib.

 

İnterAz AZƏRTAC-a istinadla xəbər verir ki, “İnsan haqları uğrunda vətəndaş cəbhəsi” təşkilatı Çim Şa Tsuy ticarət-əyləncə rayonundan Qərbi Koulun yeni sürətli dəmiryol vağzalının binasına qədər yürüş etmək istəyir. Nümayişçilər bu yolla hakimiyyətin maska taxılmasını qadağan edən qərarına etiraz bildirmək istəyir.

 

Yürüş əvvəllər də oxşar aksiyaların kütləvi iğtişaşlarla müşayiət olunması nəzərə alınmaqla ictimai təhlükəsizlik səbəbindən qadağan edilib. Polis bu yaxınlarda keçirilən küçə yürüşləri zamanı radikal iştirakçıların yandırıcı maddə dolu şüşələrdən də istifadə etməklə iğtişaşlar törətmələrinə diqqət çəkib. Lakin nümayişçilərin əksəriyyətinin qadağalara baxmayaraq küçələrə çıxacağı gözlənilir.

 

Qeyd edək ki, dörd ay bundan öncə cinayətkarların Çinin materik hissəsinə ekstradisiya olunması barədə qanun layihəsinin hakimiyyət tərəfindən qəbul edilməsi cəhdindən sonra Honkonqda kütləvi etiraz aksiyaları başlayıb. Administrasiya rəhbərinin bu təşəbbüsdən imtina etməsinə baxmayaraq aksiyalar hələ də davam edir. Etirazlar istirahət və bayram günləri daha da aktivləşir və zamanla iğtişaşlar, küçələrin bağlanması, yanğın törədilməsi halları və metro stansiyalarında vandalizm aktları ilə müşayiət olunur.