Səudiyyə vurulan neft zavodunun dağıntılarının yeni görüntülərini yayımlayıb

Bu hücum nəticəsində Səudiyyənin gündəlik istehsalı kəskin azalaraq yarıya, yəni 5.6 milyon barelə enib...

Bakı, Aytən Əliyeva, İnteraz - 20 Sentyabr 2019, 15:04

Səudiyyə Ərəbistanın aidiyyatı qurumları husilərin vurduğu Aramco-nun neft zavodunun yeni grüntülərini yayımlayıblar.

 

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

 

Bildirilib ki, bir sıra yerli və xarici KİV-lər Aramco-nun Abqaiq və Xureys əyalətindəki neft təsisatlarına baş çəkərək, hücum nəticəsində dəyən xəsarətləri və ziyanları yaxından izləyiblər.

 

Səudiyyə Ərəbistanın Aramco şirkətinin region üzrə rəsmisi Fəhd Əbdülkərim bildirib ki, Aramco-nun Xureysdəki neft zavodu işini sentyabrın sonundan bərpa edəcək.

 

Qeyd edək ki, husilər ötən həftə Səudiyyə Ərəbistanın ən böyük neft emalı zavoduna hücum etmiş və rəsmi ər-Riyadın Yəmənə qarşı hərbi müdaxiləsinin davam edəcəyi təqdirdə cavab addımların durdurulmayacağını deyiblər.

 

Bu hücum nəticəsində Səudiyyənin gündəlik istehsalı kəskin azalaraq yarıya, yəni 5.6 milyon barelə enib. Hesablamalara görə Səudiyyə Ərəbistanı sabiq istehsalını bərpa edənə qədər gündəlik 300 milyon dollar maddi xəsarət görəcək.