Türkiyə polisi İŞİD terror təşkilatının maliyyə kanalını ifşa edib

Türkiyə polisi İŞİD terror təşkilatının mühüm maliyyə qaynağını ifşa edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 20 Sentyabr 2019, 10:54

Türkiyə polisi İŞİD terror təşkilatının mühüm maliyyə qaynağını ifşa edib.

 

İnterAz AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı xüsusi əməliyyat keçirilib. İstanbul, Kahramanmaraş, İzmir, Kayseri, Hatay, Adana, Sakarya və Bursada olmaqla eyni vaxtda 37 ünvanda axtarış aparılıb. Ümumilikdə 22 nəfər saxlanılıb.

 

Əldə olunan dəlillər əsasında müəyyən edilib ki, əslində “Al-Haram” adı ilə fəaliyyət göstərən valyutadəyişmə məntəqəsi İŞİD terror təşkilatına pul toplama və çatdırma işləri ilə məşğuldur. Bu evlərdən 450 min lirə (təxminən 90 min dollar), 250 min dollar, 19 min avro, bir qədər qızıl, eyni zamanda pulsayan maşınlar ələ keçirilib. Bildirilir ki, ABŞ-ın Maliyyə Nazirliyi 44 ölkədə fəaliyyət göstərən “Al-Haram” təşkilatına qarşı sanksiyalar tətbiq edib. Bu qurum bağışlama yolu ilə İŞİD-ə pul tədarük edirmiş.

 

İstanbulda isə İŞİD-ə qarşı aparılan xüsusi əməliyyatda ikisi qadın olmaqla səkkiz nəfər terrorçuluq fəaliyyəti şübhəsi ilə həbs olunub.