Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb

Siyahıya 500 universitet daxildir...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Sentyabr 2019, 16:51

İngiltərənin “Times Higher Education” (THE) jurnalı “Dünyanın ən yaxşı universitetləri”nin siyahısını təqdim edib. Siyahıya 500 universitet daxildir.

 

İnterAz xəbər verir ki, reytinq siyahısı tərtib edilərkən təhsil müəssisələrinin elmi tədqiqatları, beynəlxalq araşdırmaları, gəlir artımı və digər amillər nəzərə alınır.

 

Sıralamada 1-ci yeri İngiltərənin Oksford Universiteti tutur. Bu ali məktəb dörd ildir ki, dünyanın ən yaxşı universiteti seçilir. 2-ci yerdə Kaliforniya Texnologiya İnstitutu (ABŞ) və 3-cü yerdə Kembric Universiteti (Böyük Britaniya) dayanır.

 

Builki siyahının hazırlanmasında 92 ölkədən 1420 universitetin göstəriciləri nəzərdən keçirilib. Siyahıya ABŞ-dan 60, İngiltərədən 28, Almaniyadan 23 və Avstraliyadan 11 universitet daxildir.