Türkiyənin NATO nümayəndəsi: S-400 müqaviləsinin NATO ilə əlaqəsi yoxdur

ABŞ-ın bu məsələni NATO ilə əlaqələndirməsi və ittifaqın həmrəyliyini pozmaq cəhdləri böyük bir səhvdir...

Bakı, Aytən Əliyeva, İnteraz - 24 Iyun 2019, 15:38

Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemini əldə etməsi məsələsi yalnız NATO-ya aid deyil. ABŞ-ın bu məsələni NATO ilə əlaqələndirməsi və ittifaqın həmrəyliyini pozmaq cəhdləri böyük bir səhvdir.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu Türkiyənin NATO-dakı daimi nümayəndəsi Basat Öztürk bəyan edib.

 

"NATO-nun baş katibi Yens Stoltenberq dəfələrlə  ittifaq müttəfiqlərinin silah əldə etmək hüququna malik olduğunu vurğulayıb. ABŞ-dakı bəzi dairələr Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemlərinin satın alması məsələsini problemə çevirib. Bu mənada ABŞ-ın üzərinə böyük bir məsuliyyət düşür", Öztürk bildirib.

 

Onun sözlərinə görə, əvvəlcə ABŞ hərbi texnikanın uyğunluğuna görə narahatlıq keçirdi, ancaq Türkiyə S-400-lərin NATO sistemlərinə inteqrasiya edilməyəcəyini və heç bir problem yaranmayacağını bəyan etdi.