Sudanın yeni hökuməti Türkiyəyə həvalə edilən strateji adanın imtiyazını ləğv edə bilər

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın 2017-də Sudana səfəri çərçivəsində iki ölkə arasında 22 sənəd imzalanıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 20 Aprel 2019, 16:50

Sudanda çevrilin baş tutması və Hərbi Keçid Şurasının hakimiyyəti ələ alması nəticəsində sabiq hökumətlə Türkiyə arasındakı bəzi anlaşmalar o cümlədən Səvakin adası ilə bağlı anlaşma ləğv edilə bilər.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Sudanın bir sıra qeyri-rəsmi media qurumları, habelə bu ölkənin siyasi ekspertləri sabiq hökumətlə Türkiyə arasında Səvakin adası ilə bağlı əldə edilən anlaşmanın ləğv ediləcəyi ehtimallarından yazıblar.

 

Britaniyanın "Yaxın Şərq Araşdırmalar Mərkəzi"nin sədri Əmcəd Taha bildirib ki, Sudanın yeni hökumətinin rəsmilərindən biri ona Səvakin adası anlaşmasının ləğv ediləcəyi xəbərini verib.

 

Bəzi ekspertlər Sudandakı yeni hökumətin Səduiyyə Ərəbistanı və BƏƏ ilə yaxın münasibətlərini sübut gətirərək, Səvakin adası anlaşmasının ləğvi istiqamətində ərəb ölkələrinin Sudana təzyiq göstərəcəyini təxmin edirlər.

 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın 2017-də Sudana səfəri çərçivəsində iki ölkə arasında 22 sənəd imzalanıb. Bu sənədlərin birinə əsasən Sudan Qırmızı dəniz sahilində yerləşən strateji Səvakin adasını hərbi qəraragah təsis etmək məqsədilə Türkiyəyə verib. Sudanın Qırmızı dəniz sahilində olan strateji Səvakin adası 16-cı əsrdə Osmanlı İmperiyasının dəniz donanasının qərargahı olub. Hazırda Türkiyə bu adanı yenidən istəməklə Sudanın qonşu dövlətləri olan Səudiyyəni, Misiri və BƏƏ-ni narahat edib. Həmin Türkiyə ki bundan öncə də ərəb dünyasında İxvanul-musliminə verdiyi dəstəklərə görə Səudiyyə və komandası tərəfindən qınanılır.