Tramp Liviya paytaxtına hücum edən generalla telefonla danışıqlar aparıb

ABŞ müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən rəsmi eyni zamanda vurğulayıb ki, Liviyada hərbi seçim həll yolu deyil...

Bakı, Aytən Əliyeva, İnteraz - 20 Aprel 2019, 15:50

ABŞ prezidenti Donald Tramp Liviya paytaxtı Tripoliyə hücum edən "Milli Ordu" komandanı general Xəlifə Həftərlə telefon bağlantısında olub.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Sara Sanders açıqlama verib.

 

ABŞ rəsmisi bildirib ki, Donald Tramp general Xəlifə Həftərlə telefon bağlantısında olub və tərəflər Liviyada sabitliyi təmin edən demokratik siyasi sistemin qurulması istiqamətində fikirlərini bölüşüblər.

 

ABŞ rəsmisinin sözlərinə görə, Tramp general Xəlifə Həftərin terrorla mübarizəsini və Liviyada neft yataqlarının təhlükəsizliyini təmin etmək rolunu dəyərləndirib.

 

Bu arada ABŞ müdafiə nazirinin əvəzedicisi Patrik Şanahan da general Xəlifə Həftərin terrorla mübarizə səylərinin onlar tərəfindən dəstəkləndiyini bildirib.

 

ABŞ müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən rəsmi eyni zamanda vurğulayıb ki, Liviyada hərbi seçim həll yolu deyil.