Liviyanın şərqində qarşıdurmalarda 18 nəfər ölüb, 93 nəfər yaralanıb

Dünəndən başlayan qarşıdurmalarda orduya tabe olan hərbi təyyarələr də iştirak edib ki, bu da mərkəzi dövlətin hiddətini daha da artırıb

Bakı, B. Samid, Vüsal Nəbiyev, İnteraz - 17 May 2014, 12:58

Liviyanın Benqazi şəhərində müxtəlif qruplaşmalar arasında dünəndən başlayan qarşıdurmalarda onlarla insan həlak olub. İnterAz-ın Əlcəzirə-yə istinadla verdiyi xəbərə görə, Benqazidə sabiq qiyamçılara tabe olan “17 Fevral Batalyonu” ilə ordudan ayrılmış tanınmış hərbiçi Xəlifə Xəftərin qüvvələri arasındakı qarşıdurmalarda ölənlər ən azı 18 nəfər təşkil edib. Dünəndən başlayan qarşıdurmalarda orduya tabe olan hərbi təyyarələr də iştirak edib ki, bu da mərkəzi dövlətin hiddətini daha da artırıb.

Mərkəzi hökümət Benqazi şəhərində Xəlifə Xəftərin qüvvələrinin adımını çevrilişə cəhd kimi qiymətləndirib və ordu baş qərargah sədrini bu cəhdlərin qarşısını almağa çağırıb.

Bu arada Liviya baş qərargah sədri Əbdüssəlam əl-Ubeydi ordu qüvvələrinin bu qarşıdurmalarda iştirak etməsini itaətsizlik adlandırıb və onlar tərəfindən atılan addımların icazəsiz və elan edilmədən həyata keçirildiyini bəyan edib.

Bildirək ki, Liviyanın şərqində yerləşən Barqa bölgəsi və onun mərkəzi hesab edilən Benqazidə çoxsaylı separatçı qüvvələr, sabiq silahlı qiyamçılar, radikal islamçı qüvvələr və s. qruplaşmalar mövcuddur ki, bu da rəsmi Tripolinin ən ciddi problemi hesab edilir. Xüsusilə də Barqa əyalətində neft terminallarının və dəniz limanlarının separatçılar tərəfindən ələ keçirilməsi, sabiq qiyamçıların nəzarətində olan silahlar məsələsi hələ də öz həllini tapmayıb.