Əfqanıstanda "Taliban"ın daha 38 silahlısı öldürülüb

Əfqanıstan ordusu "Taliban" silahlılarını zərərsizləşdirmək məqsədilə intensiv əməliyyatlara başlayıb və təkcə ötən həftədə 105 talibançını məhv edə bilib

Bakı, B. Samid, Vüsal Nəbiyev, İnteraz - 17 May 2014, 12:02

Əfqanıstanın təhlükəsizlik və polis qüvvələri son sutkada apardığı hərbi əməliyyatlarda və qarşıdurmalarda "Taliban"ın 38 yaraqlısını öldürüb. İnterAz-ın İrna agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın daxili işlər nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, son sutkanın əməliyyatları ölkənin Nəngəhar, Paktiya, Gündüz, Fariyab, Qəzni, Nimruz və sair bölgələrində aparılıb və öldürülən silahlılardan əlavə daha 6 nəfər ələ keçirilib.

Xatırladaq ki, "Taliban" hərəkatı ötən həftə isti havaların başlamağı ilə “Xeybər” adı altında yeni əməliyyatlara başlayacağını demişdi. Lakin Əfqanıstan ordusu "Taliban" silahlılarını zərərsizləşdirmək məqsədilə intensiv əməliyyatlara başlayıb və təkcə ötən həftədə 105 talibançını məhv edə bilib.