İran - “Altılıq”ın IV nüvə danışıqları nəticəsiz başa çatıb

Vyanada 3 gündür sürən IV nüvə danışıqları dünən başa çatıb

Bakı, B. Samid, Vüsal Nəbiyev, İnteraz - 17 May 2014, 10:50

İran və "Altılıq" ölkələrinin növbəti danışıqlarının zamanı dəqiqləşməyib. İnterAz-ın Fars agentliyinə istinadla verdiyi xəbərə görə, Vyanada 3 gündür sürən IV nüvə danışıqları dünən başa çatıb. İran xarici işlər nazirinin müavini Abbas Əraqçinin sözlərinə görə, danışıqlarda gözədəyən bir irəliləmə baş verməyib. İran rəsmisi yekun nüvə razılaşması layihəsinin hazırlanması və yazılması istiqamətində aparılan danışıqlarda nəticə verməməsini, müzakirələrin məğlubiyyətə uğraması anlamında olmadığını bəyan edib.

Nüvə danışıqlarına yaxın olan qərb rəsmilərindən biri isə İranın daha az güzəştə getdiyini deyib və yaradılmış fürsətlərin məhdud olduğunu bildirib.

Bu arada bəzi Avropa KİV-ləri İran - “Altılıq”ın nüvə danışıqlarının gələn ayın 5-də keçiriləcəyindən xəbər veriblər. “Reuters” də gələn həftədə tərəflərin bir daha görüşəcəyini bildirib.

Qeyd edək ki, İran və "Altılıq" ölkələri yekun nüvə anlaşmasının iyul ayının 20-ə qədər əldə edilməsi barədə razılığa gəliblər. Lakin bir çox ekspertlər danışıqların daha 6 ay müddəti ərzində uzadılacağını təxmin edirlər.