ABŞ İran nüvə proqramına nəzarət üçün MAQATE-yə əlavə maddi dəstək verib

ABŞ İrandakı nüvə proqramı ilə bağlı fəaliyyətlərinə təkan məqsədilə MAQATE-yə əlavə olaraq, 750 min avro maddi dəstək göstərib

Bakı, B.Samid, Tural Səftərov, İnteraz - 28 Fevral 2014, 10:00

Cenevrə nüvə razılaşmasından sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İrandakı fəaliyyət və nəzarəti artıb.

 

İnterAz-ın "İrna" agentliyinə istinadla verdiyi xəbərə görə, ABŞ İrandakı nüvə proqramı ilə bağlı fəaliyyətlərinə təkan məqsədilə MAQATE-yə əlavə olaraq, 750 min avro maddi dəstək göstərib.

 

Bu barədə məlumat verən ABŞ rəsmisi Fredrik Bell digər ölkələrlə yanaşı, rəsmi Vaşinqtonun da MAQATE-yə dəstək verəcəyini və maddi yardımları davam etdirəcəyini bəyan edib.

 

Bildirək ki, Cenevrə nüvə razılaşmasından sonra İran MAQATE müfəttişlərinə ölkədə olan bir çox nüvə obyektlərinə baş çəkməyə və nəzarət kameralarının quraşdırılmasına icazə vermişdi. Lakin Agentlik nəzarət proqramı üçün 5 milyon 500 min avroya ehtiyac olduğunu bildirmiş və Təşkilata üzv ölkələrdən bu məbləği təmin etməyi istəmişdi.