• 15:17

Ağdaşda şəhidin xatirəsinə tikilən bulağın açılışı olub

04 Mart 2021, 15:15

Ağdaşda 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Əliyev Cəlil Qdrət oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə tikilən bulağın açılışı olub. Açılış mərasimi şəhidin böyüyüb boya-başa çatdığı rayonun Qaradağlı kəndində baş tutub. Dövlət himnimiz səslənikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə RİH-nin nümayəndələri, məktəblilər, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər. Bulaq Qaradağlı kənd camaatının şəxsi vəsaiti hesabına ərsəyə gəlib. Çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan söhbət açıblar və onun qəhrəmanlığının yetişən gənc nəsil üçün nümunə olduğunu bildiriblər. Məktəblilərin ifasında şeirlər və müxtəlif kompozisiyalar ifa olunub. Qeyd edək ki, Şəhid Əliyev Cəlil Qüdrət oğlu 1998-ci ildə Mingəçevir şəhərində anadan olub. 2008-ci ildə isə atası dünyasını dəyişdikdən sonra anası ilə birlikdə Ağdaşın Qaradağlı kəndinə köçüblər. Cəlil həmin kənddə orta məktəbi başa vurduqdan sonra 2016-cı ildə həqiqi-hərbi xidmətə yollanıb və 2018-ci ildə xidmətini başa vuraraq ordudan tərxis edilib. Anası Reyhan xanımın sözlərinə görə, Cəlil həmişə onun və bacısının qayğısını çəkib, ailəcanlı, cəsur, mərd, vətənpərvər övlad olub. 2-ci Qarabağ müharibəsi başlayan kimi o, könüllü olaraq orduya yazılıb. Cəbhənin müxtəlif istiqamətlərində döyüşərək düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv edilməsində yaxından iştirak edib. Okyabr ayının 20-də cəbhənin Füzuli- Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Cəlil ailənin tək oğlu idi. Onun nəşi oktyabrın 22-də Ağdaşın Qaradağlı kəndində torpağa tapşırılıb. İllər keçəcək, ancaq xalqımız Cəlil kimi igid, qəhrəman oğullarını heç vaxt unutmayacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin.