• 17:31

Göyçayda qədim arıçılıq sənəti

01 Mart 2021, 12:43

Samir Muradov Göyçayda yaşayır. Yaşadığı yerdə də səyyar arıçılıq fəaliyyəti ilə məşğul olur. Artıq 15 ildir ki, özünü bu işə adayan təsərrüfatçı deyir ki, onun ərsəyə gətirdiyi məhsul ekoloji cəhətdən də tam saf və qatqısızdır. Qədim dövrlərdə bal kötük və səbətlərdə saxlanılıb. Lakin zaman keçdikcə bütün sahələrdə olduğu kimi, arıçılıqda da yeni-yeni üsullar ortaya çıxıb. Amma sözügedən arıçı yeni qaydalarla yox, məhz hələ də ənənəvi üsullarla məhsul topladığını deyir.

 

Arıçı sözlərinə onu da əlavə etdi ki, arılar kötükdə və səbətdə özlərini evindəki kimi hiss edir. Düzdür, yeni metodlarla bal əldə etmək zaman və məhsuldarlıq baxımından ənənəvi üsulla müqayisədə daha əlverişlidir. Çünki arılar kötüyə və səbətə qonduqda tam qatqısız bal ərsəyə gətirdiyindən həm vaxt çox gedir, həm də məhsulu qorumaq, əldə etmək nisbətən çətinlik yaradır.

 

Samir Muradov bildirir ki, arıların qidalanmasında 8-10 adda bitkidən istifadə edir. Baldan başqa həmin otların qarışığından müalicə məqsədli dərmanlar və qida qatqıları da hazırlamaq mümkün olur. Ümumiyyətlə, bal istər gündəlik qidalanmada, istərsə də, orqanizmin yaxşı çalışmasında çox əhəmiyyətlidir. Bu baxımdan bal qidaların içərisində vazkeçilməz bir önəm daşıyır. Lakin istənilən bir məhsul seçilərkən tərkibindən, hazırlanma qaydasından tam əmin olmaq lazımdır.