• 18:39

Yağan qar Ağsu dolaylarında nəqliyyatın hərəkətini çətinləşdirib

25 Fevral 2021, 12:43

Bölgələrə yağan qar səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində, Muğanlı-İsmayıllı dolaylarında avtomobillərin hərəkəti çətinləşib. Yağan qardan sonra yolların buz bağlaması nəqliyyatın hərəkəti ilə yanaşı, yol istismar idarəsi əməkdaşlarının da işlərini çətinləşdirib. Bir neçə avtomobil sürüşərək yoldan kənara çıxıb.Yolların buzdan təmizlənməsi və nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün əraziyə ağır texnikalar və canlı qüvvə cəlb edilib, yola duz və qum səpilib.

 

 Yolların axşam saatlarında tamamilə buz bağlayacağı və gecə səhərədək avtomobillərin hərəkəti üçün daha təhlükəli olacağı güman edilir. Bu səbəbdən sürücülərə alternativ yollardan istifadə etmək məsləhət görülür. Bölgəyə yağan qar Ağsu aşırımında, Muğanlı-İsmayıllı dolaylarında, Lahıc-Pirqulu yolunda 10 sm, Şamaxı, İsmayıllı, Qəbələ və Ağsunun dağ kəndlərində isə 20-25 sm-ə çatıb.