• 17:27

Şuşada vuruşaraq şəhid olan müəllim Qoşqar Ömərov

24 Fevral 2021, 13:05

Şəhid müəllim Ömərov Qoşqar Səxavət oğlu, 1994-cü il fevralın 9-da Kürdəmirin Şilyan kəndində ziyalı müəllim ailəsində dünyaya göz açıb. Ailənin 4-cü övladı olan Qoşqar hələ uşaq vaxtlarından savadı, istedadı, vətənpərvərliyi və ailəcanlı xüsusiyyətlərilə sayılıb-seçilib. Orta məktəbdə atası Səxavət müəllimdən riyaziyyat dərsi alan Qoşqar elə atası vasitəsilə də vurğunu olub bu sənətin, bu peşənin.

 

 Orta təhsilini başa vurduqdan sonra ali məktəbi, daha sonra müddətli həqiqi hərbi xidməti, ardınca magistr təhsilini uğurla başa vuraraq müəllimlərin işə qəbul imtahanında da yüksək nəticə toplayıb və  riyaziyyat müəllimi kimi fəaliyyət göstərməyə başlayıb. 2020-ci il 27 sentyabrda 2-ci “Qarabağ müharibəsi” başlayanda o da ön cəbhəyə yollanıb. Səngərlərdə vətənin keşiyində dayanıb. Bir çox ərazilərimizin düşmən tapdağı altından azad edilməsində yaxından iştirak edib, böyük şücaətlər göstərib. Son döyüşü Şuşada olub və noyabrın 5-i Ömərovlar ailəsi övladlarının şəhid xəbərini alıb.

 

Qoşqar Ömərov ailəsi, dostları , qohumları, onu tanıyanların hamısının nəzərində bütün yüksək əxlaqi keyfiyyətləri ilə ən uca zirvədə idi. Şəhidlik zirvəsini fəth etməsi isə onu bütün xalqın gözündə yüksəklərə qaldırdı.