• 23:33

Xaçmazda beş bağçada əsaslı təmir işləri aparılır

22 Fevral 2021, 14:21

Son vaxtlar yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması istiqamətində mühüm işlər görülür. Xaçmaz rayonunda da 5 bağça əsaslı təmir olunur, biri isə tamamilə yenidən tikilir. Bu bağçaların ikisi şəhər daxili digərləri isə kəndlərdədir. Qusarçay kəndindəki bağçanın əsaslı təmiri yekunlaşıb. 20 yerlik bağçada təmir işləri yüksək səviyyədə, müasir standartlara uyğun aparılıb. Yeni binada mərkəzləşdirilmiş istilik sistemi quraşdırlıb. Azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağçada məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılıb.

 

 Ötən əsrin 50-ci illərindən istifadəyə verilən rayon bağçalarının əvvəlki köhnə binalarında körpələrin təlim-tərbiyəsi ilə müasir tələblərə uyğun məşğul olmaq mümkün deyildi. Bundan başqa, heç bir bağçada mərkəzləşdirilmiş istilik sistemi də olmayıb. Hal hazırda isə bağçaların hər birində yenidənqurma işləri çərçivəsində müasir standartlara uyğun dərs şəraiti yaradılır. Bununla yanaşı, hazırda Xaçmaz şəhərində 3 və 6 saylı, həmçinin rayonun Həsənqala, Yalama kəndlərindəki uşaq bağçalarında da əsaslı təmir işləri aparılıb. Ağtala kəndində isə yeni bağçanın inşasına başlanılıb. Fevralın 15-dən Xaçmaz rayonunda 20 məktəbəqədər təhsil müəssisəsində tədris ənənəvi formada bərpa edilib. Fəaliyyət göstərən uşaq bağçalarında isə ümumilikdə 900-dən çox azyaşlı tərbiyə alır.