• 07:18

Bu gün tank komandiri şəhid Çilingir Nəbiyevin 25 yaşı tamam olur

21 Yanvar 2021, 13:55

Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır. Belə qəhramanlardan biri də canı, qanı ilə yaşadığı torpağa, Vətənə bağlı olan, Tovuz rayonunun dağ kəndi olan Şıxheybət kəndində anadan olmuş, vətən müharibəsində öz tankı ilə bir çox qəhramanlıqlar və şücaətlər göstərmiş Çilingir Azad oğlu Nəbiyevdir.  Çilingirin atası Azad Nəbiyev də 1-ci Qarabağ müharibəsi qazisidir. Çilingir kiçik qardaşı İbrahim ilə birlikdə Füzuli, Cəbrayıl rayonlarının azad edilməsində iştirak edib. Oktayabr ayının 27-də Xocavənd rayonun azad edilməsi istiqamətində gedən döyüşlərdə, düşmən artleriyasının atdığı mərmi nəticəsində qəlpə yaraları alaraq şəhilik zirvəsinə ucalıb. Bu gün qəhraman şəhidimizin 25 yaşı tamam olur. Qeyd edək ki, şəhid Çilingir Nəbiyevin Ayxan adlı  yaş yarımlıq bir oğul övladı var. Çilingirin ad gününə toplaşmış ailə üzvləri və yaxın qohumları onun qəhramanlığından danışıb və şəhidimizlə fəxr etdiklərini bildiriblər.

 

Qeyd edək ki, 3700 nəfərlik Çatax kənd nümayəndəliyi Vətən müharibəsində 6 şəhid verib. 

 

Vətən müharibəsində canlarından keçən hər bir şəhidimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.