• 06:39

Qaxa yağan güclü qar səbəbindən polis yollarda gücləndirilmiş iş rejiminə keçib

21 Yanvar 2021, 13:36

Qaxa yağan qar sürücülərə çətin anlar yaşadıb. Yolda qalan avtomobillərin sürücülərinə polis kömək edib. Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək yol qəzalarının qarşısının dərhal alınması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilir. Belə ki, rayonun dağ kəndlərinə gedən Qax-İlisu, Qax-Qaşqaçay avtomobil yollarında nəqliyyatın hərəkəti inspektorlar tərəfindən tənzimlənir, sürücülərlə profilaktiki söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumatlar verilir.

 

Yol patrul xidmətinin əməkdaşları Qax-İlisu avtomobil yolunda hərəkət zamanı qarlı yolda qalan bir-neçə avtonəqliyyat vasitəsinin batdığı yerdən çıxmasına köməklik də göstərib.

 

Polis əməkdaşları axşam və səhər saatlarında yolların buz bağlayacağını nəzərə alaraq bir daha sürücülərə zərurət yaranmadığı halda şəxsi avtomobillərindən istifadə etməməyə çağırır.