• 21:01

Xocalı sakinləri Xocalıdan danışdılar

18 Noyabr 2020, 12:28

Əliyevlər ailəsi 1992-ci ildə Xocalının işğalından sonra İsmayıllıya gəlib və o vaxtdan məcburi köçkün həyatı yaşayıb. Ailə həmin il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu tərəfindən Xocalıda törədilən soyqırımın acısı ilə yaşayır. Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçı qüvvələri üzərində qazanılan “Böyük Qələbə” ailəyə xüsusi sevinc hissləri yaşadır. Odur ki, İbad kişi və yaxınları gəncləri əsl bayram əhval–ruhiyyəsi ilə qarşılayıb. Gənclər illərdən bəri Xocalıdan yeganə xatirə qalan şəkillərə göz gəzdirib və o günlərin ağrılı-acılı anılarını dinləyib.

 

Ailənin böyüyü olan İbad Əliyev Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Daxili İşlər Nazirliyinin post-patrul xidmətinin əməkdaşı olan baş leytenant İbad Əliyev döyüşlərin sonunadək düşmənlə vuruşub və mayor rütbəsinədək yüksəlib. Onun qardaşı Tabil isə Xocalının müdafiəsi uğrunda döyüşlərdə şəhid olub. Göstərdiyi şücaətə görə 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən “Milli qəhrəman” adı ilə təltif edilib. Bu günə kimi qardaşının şəkillərini saxlayan, onu bir gün belə olsun unutmayan İbad müəllim deyir ki, artıq qardaşının rəsmlərinə qürurla baxır və bu böyük qələbəni xalqımıza bəxş etdiyi üçün Ali Baş komandanımıza dərin minnətdarlığını bildirir.

 

 Silahlı Qüvvələrimizin 44 gün ərzində apardığı uğurlu döyüş əməliyyatını böyük həyəcanla izləyən İbad Əliyev bir neçə dəfə cəbhəyə getmək istəyi ilə müraciət də edib. Lakin hər dəfə “darıxma, ehtiyac olarsa çağırarıq” cavabını alıb. İsmayıllının Tubukənd kəndində yaşayan Əliyevlər ailəsi doğma yurd-yuvalarına dönəcəkləri günü səbirsizliklə gözlədiklərini deyir.