• 01:25

Lənkəranın 2 kəndində koronavirusla bağlı postlar qurulub

15 Oktyabr 2020, 16:23

Lənkəranın iki kəndinə giriş-çıxışın dayandırılması ilə bağlı Nazirlər Kabinetinin qərarı bu gündən qüvvəyə minib. Polis koronavirusa qarşı mübarizə tədbirlərini davam etdirir.

 

Lənkəran rayonunun Şıxəkəran və Şağlaküçə kəndlərinə giriş-çıxış dayandırılıb. Bu günə qədər hər iki kəndin təxminən 200 sakinindən koronavirus testi üçün yaxma nümunələr götürülüb. 3280 nəfər əhalinin yaşadığı Şıxəkəran kəndində cüzi də olsa, koronavirusa yoluxma halları var. Səbəbini isə kəndin icra nümayəndəsi belə açıqlayıb..

 

Lənkəranın giriş-çıxış məhdudiyyəti olan digər kəndi Şağlaküçədir. Xüsusi karantin rejiminin tələblərinə nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Lənkəran Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları iş başındadır. Sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılır. Sərnişinlərlə profilaktik söhbətlər aparılır və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılır.

 

Stasionar postlarda koronavirus infeksiyasına yoluxmuş şəxslərin digər yerlərdəki insanları yoluxdurmaması məqsədilə vətəndaşların hansı kəndin sakini olduğu yoxlanılır.

 

Qeyd edək ki, operativ nəqliyyat vasitələrinin, kənd təsərrüfatı təyinatlı avtomaşınların və həmçinin Nazirlər Kabinetinin müəyyən etdiyi qərara uyğun digər nəqliyyat vasitələrinin həmin ərazilər üzrə hərəkətində məhdudiyyət yoxdur.