• 08:55

Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgisi keçirilib

  • 5
12 Iyun 2019, 17:32

İyunun 12-də Bakıda, Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi keçirilir.

 

İnterAz xəbər verir ki, konfransın açılış mərasimində Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubu oxudu və açılış nitqi ilə çıxış edib.

 

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya və tədbir iştirakçılarını salamlayan Novruz Məmmədov dedi: “Bugünkü tədbirdə siz - gömrük orqanlarının, sərhəd idarəçiliyi üzrə qurumların, işgüzar dairələrin nümayəndələri birlikdə gömrük işinin müxtəlif mövzularına həsr olunan aktual strateji yanaşmalarla bağlı müzakirələr aparacaqsınız. Konfransda sərhəd idarəçiliyinin, beynəlxalq ticarətin təhlükəsizliyinin və dayanıqlılığının təmin edilməsi kimi vacib məsələlər müzakirə olunacaq”.

 

Baş Nazir qeyd etdi ki, Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq edir. Belə ki, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin ölkəmizin paytaxtında yerləşməsi, eləcə də Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə Sədr müavini vəzifəsinə seçilməsi əməkdaşlığımızın yüksək səviyyəsini göstərir.

 

“Ümumdünya Gömrük Təşkilatının bu mötəbər tədbirinin Bakı şəhərində keçirilməsi təqdirəlayiq haldır. Bakı son illər mədəniyyət, sivilizasiyalararası dialoq, idman, energetika, nəqliyyat və digər müxtəlif sahələrdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Buna görə bu konfransın Bakıda keçirilməsi də ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi etməsindəki qazandığı xüsusi etimadın göstəricisidir”, - deyə Novruz Məmmədov bildirdi.

 

Baş Nazir dedi ki, Azərbaycan Respublikası əlverişli coğrafi mövqedə, beynəlxalq nəqliyyat dəhlizlərinin və informasiya magistrallarının kəsişdiyi məkanda yerləşir. Son illər respublikamız bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, regionda və ölkə daxilində irimiqyaslı infrastruktur layihələri həyata keçirir: “2008-ci ildən etibarən Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı işlərə başlanılıb. Artıq Azərbaycan müxtəlif təyinatlı 3 peykini orbitə çıxarıb və dünyanın kosmik ölkələr klubunun üzvüdür. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına ən yüksək səviyyədə göstərilən diqqətin əyani təsdiqidir”.

 

“Dövlət orqanlarında, o cümlədən gömrük sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə idarəçiliyin təkmilləşdirilməsi Azərbaycan üçün əsas vəzifələrdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət proqramları və islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin, rəqəmsal iqtisadiyyatın, elektron kommersiya və data-mərkəzlərinin, texnoloji parkların, biznes inkubatorların yaradılması, informasiya təhlükəsizliyinin təmini istiqamətində mühüm addımlar atılıb. Hörmətli qonaqlar, sizi Azərbaycanda bir daha salamlayır və konfransın işinə uğurlar arzulayıram”, - deyə Novruz Məmmədov vurğuladı.

 

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tədbirin vacibliyini diqqətə çatdıraraq vurğuladı ki, elektron xidmətlər sırasında elektron gömrük Azərbaycanda ön sıralardadır. Bu istiqamətdə ciddi islahatlar aparılıb, şəffaflığın təmin edilməsi baxımından vacib işlər görülüb. Sahibkar-məmur münasibətlərinin minimuma endirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi baxımından da Gömrük Komitəsi mühüm nailiyyətlər əldə edib.

 

S.Mehdiyevin sözlərinə görə, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi bu təşkilata üzv dövlətlərin gömrük xidmətlərinin informasiya texnologiyaları barədə fikir mübadiləsi aparması, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və gömrük xidmətlərinin təcrübələrinin bölüşməsi baxımından əhəmiyyət kəsb edir.

 

Tədbirdə Koreya Gömrük Xidməti İnformasiya və Beynəlxalq Məsələlər İdarəsinin Baş direktoru Taeil Kang və ÜGT-nin Baş katibi Kunio Mikuriyanın çıxışları dinlənilib.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ev sahibliyi, Ümumdünya Gömrük Təşkilatının təşkilatçılığı və Koreya Gömrük Xidmətinin dəstəyi ilə keçirilən tədbirə 91 ölkənin gömrük və sərhəd xidməti orqanları, informasiya texnologiyaları sektoru, biznes, hökumət və ticarət təşkilatlarının, eləcə də elmi dairələrin 500-ə qədər nümayəndəsi qatılıb.

 

ÜGT-nin İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi iyunun 14-dək davam edəcək. Konfrans çərçivəsində keçiriləcək plenar sessiyalarda texnologiyaya əsaslanan qabaqcıl ticarət üzrə strategiyaların yenidən qurulması, gələcəyin yaşıl nəqliyyat və logistikasına sərhəd idarəçiliyinin münasibəti, maneəsiz sərhəd üçün smart hava limanları, daha təhlükəsiz və dayanıqlı ticarət üçün innovativ həllər, gələcəyə yönəlmiş nəqliyyat sahəsi mövzuları müzakirə olunacaq.

 

Qeyd edək ki, İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi ÜGT-nin ən mötəbər tədbirlərindən biri hesab olunur və bu tədbirin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi mütərəqqi islahatlar hesabına Azərbaycan gömrüyünün bütün sahələrdə, xüsusilə informasiya texnologiyalarının tətbiqi istiqamətində əldə etdiyi uğurların nəticəsidir.