Azərbaycan tamblinqçisi Tokio olimpiadasının keçiriləcəyi yarış zalında qızıl medal qazanıb

Azərbaycan tamblinqçisi Aleksey Karataşov Yaponiyanın paytaxtı Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2019, 16:31

Azərbaycan tamblinqçisi Aleksey Karataşov Yaponiyanın paytaxtı Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıb. 

 

Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidmətindən İnterAz-a verilən məlumata görə, Karataşov buna 11-12 yaşlıların mübarizəsində nail olub. Təsnifat mərhələsində elə ilk pillədən finala vəsiqə qazanan Bakı Gimnastika Məktəbinin yetirməsi həlledici mərhələdə 62.700 xalla birinciliyi əldən verməyib.

 

Qalibin şərəfinə yeni istifadəyə verilmiş və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında gimnastika yarışlarının keçiriləcəyi Ariake Arenasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.