Azərbaycan sərbəst güləşçisi üçüncü dəfə Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib

31 yaşlı idmançı bu nailiyyətə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 97 kq çəki dərəcəsində imza atıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Sentyabr 2019, 13:28

Azərbaycan sərbəst güləşçisi Şərif Şərifov karyerasında üçüncü dəfə Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib.

 

İnterAz-ın məlumatına görə, 31 yaşlı idmançı bu nailiyyətə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 97 kq çəki dərəcəsində imza atıb. Olimpiya, dünya və Avropa çempionu 1/4 final mərhələsində gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze üzərində qələbə sayəsində yarımfinala yüksələrək, ilk "6-lıq"dakı yerini təmin edib. Beləliklə, Şərifov lisenziya normasını doldurub. O, Azərbaycanın hazırkı dünya çempionatında ikinci, ümumilikdə isə 5-ci lisenziyasını təmin edib.

 

Daha əvvəl mundialda bu vəsiqəni qadın güləşçi Mariya Stadnik qazanıb. Stadnik həm də 50 kq çəki dərəcəsində ikiqat dünya çempionu olub. Şərifovun da karyerasında ikinci dəfə dünya çempionu olma şansı var. O, eyni zamanda 2012-ci il London Yay Olimpiya Oyunlarının və builki Avropa çempionatının qalibi, 2016-cı il Rio-de-Janeyo Yay Olimpiya Oyunlarının və 2009-cu il dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionatlarının ikiqat gümüş və bürünc mükafatçısıdır.