Azərbaycan yığmasının üç cüdoçusu 1/8 finala yüksəlib

Elmar Qasımov Anton Savitskiyə (Ukrayna) qalib gəlib...

Bakı, Aytən Əliyeva, İnteraz - 24 Iyun 2019, 12:41

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışlarında 5 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

 

İnterAz-ın məlumatına görə, bu gün Azərbaycan yığmasının 5 cüdoçusu qüvvəsini sınayacaq.

 

100 kq çəki dərəcəsində mübarizə aparan iki təmsilçimiz 1/16 final qarşılaşmalarını keçirib. Elmar Qasımov Anton Savitskiyə (Ukrayna) qalib gəlib. Onun 1/8 finaldakı rəqibi estoniyalı Qriqori Minaşkin olacaq.

 

Eyni çəkidə çıxış edən Zelim Kotsoyev isə Boyan Dosen (Serbiya) ilə qarşılaşıb. Qələbə qazanan təmsilçimiz 1/8 finalda belçikalı Toma Nikiforovla üz-üzə gələcək.

 

90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 finalda Yahor Varapayevlə (Belarus) görüşüb. Qalib gələn cüdoçumuz 1/8 finala yüksəlib. O, 1/4 finala vəsiqə üçün fransalı Aurelian Diesse ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, bu gün daha iki idmançımız tatami üzərinə çıxacaq. 1/8 finaldan yarışa qatılacaq Uşanqi Kokauri (+100 kq) Vinçentso Vito Draqiçlə (Sloveniya), qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) Jasmin Kuelbs (Almaniya)-Sebile Akbulut (Türkiyə) cütünün qalibi ilə görüşəcək.