Rafael Ağayev Karate1 Premyer Liqa turnirində bürünc medal qazanıb

Milli komandanın növbəti yarışı 17-19 mayda Istanbulda Karate1 Seriya A turniri olacaq...

Bakı, Aytən Əliyeva, İnteraz - 22 Aprel 2019, 08:48

Azərbaycan Milli Komandasının üzvü Rafael Ağayev (-75 kq) Rabatda Karate1 Premyer Liqa turnirində bürünc medal qazanıb.

 

Azərbaycan Milli Karate Federasiyasından İnterAz-a verilən məlumata görə, fransalı idmançı Loqan Da Kosta ilə həlledici görüşdə 2-0 hesabı ilə qalib gələn R.Ağayev dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib.

 

Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Abdullayev (-84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

 

Qeyd edək ki, aprelin 19-dan 21-dək Mərakeş Krallığının paytaxtında Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb. Beynəlxalq hakimlərdən Vüqar Kərimova final görüşlərini idarə etmək, Cahangir Babayevə isə ondan əlavə tatami meneceri kim məsul işlər həvalə olunub.

 

Milli komandanın növbəti yarışı 17-19 mayda Istanbulda Karate1 Seriya A turniri olacaq.