Qəlblərə sevinc verən Qələbələr

...Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Yanvar 2021, 10:18

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı müdrik dövlət siyasəti nəticəsində ölkəmiz yeni-yeni tarixi taleyüklü qələbələrə imza atır. Ali Baş Komandanın yenilməz iradəsi və sərkərdə qətiyyəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. 

 

Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

 

Eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından Avropaya kommersiya qaz nəqlinə başlandı. Çəkilişi nəzərdə tutulmuş təqvimə riayət olunmaqla başa vurulmuş tarixi TAP qaz boru kəməri istismara verildi. Halbuki, bunun baş tutacağına şübhə edən şəkkaklar dodaq büzürdü...

 

Dünən isə Azərbaycan siyasətinin yeni tarixi təntənəsi: - Azərbaycan Respublikası ilə Türkmənistan arasında Xəzər dənizində, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi  haqqında Anlaşma Memorandumunun imzalanması mühüm tarixi hadisə olmaqla iki qardaş xalqların dostluğunun möhkəmlənməsinə, hər iki ölkənin rifah durumunun yaxşılaşdırılmasına xidmət edəcək mühüm mərhələdir, bir vacib başlanğıcdır. Bu həm iqtisadi cəhətdən, həm də, eyni zamanda və daha çox, siyasi baxımdan taleyüklü mühüm əhəmiyyətə malikdir.

 

Uzun illər iki dost ölkə arasında mövcud olan mübahisəyə son qoyulmaqla münasibətlərdə yeni mərhələ açır, tarixi əhəmiyyətə malik reallıq yaradır. Bu hadisə işğal altında olan ərazilərimizin azad edilməsi qədər taleyüklü problemin həlli baxımından olduqca mühümdür. İndiyə kimi ərazi mənsubiyyəti baxımından mübahisəli olan bu yataqla bağlı da, Qarabağ məsələsində olduğu kimi, artıq problemə son qoyuldu.

 

Azərbaycan inamla ardıcıl inkişaf yolu ilə dönməz irəliləyişdədir. Hesablamalara əsasən bu yatağın neft-qaz ehtiyyatları 100 milyon ton həcmində qiymətləndirilən və bu ehtiyyatların təqribən 50 milyon ton hasilata malikliyi 35-50 milyard dollar gəlir gətirəcəyi gözlənilir. Hər iki Dövlət başçısının-İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun - müdrik uzaqgörənliyi sayəsində hər iki dost ölkənin maraqlarını qane edən qərar qəbul edildi.

 

Bu Anlaşma həm Azərbaycanın, həm Türkmənistanın Xəzər regionundakı mövqelərinin möhkəmlənməsinə zəmin yaradan mühüm amil kimi tarixə həkk olunacaqdır, dərsliklərə düşəcəkdir.

 

Azərbaycan Salnaməsində İlham Əliyev epoxasının daha bir tarixi zəfəri olaraq!

 

 Bağır Cəfərli