Bərdədə “Bala Tofiq” ləqəbli leş əti satan şəxs ifşa edilib

Hazırda faktla bağlı araşdırma davam etdirilir...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Oktyabr 2019, 10:51

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. 

 

Agentlikdən İnterAz-a verilən məlumata görə, növbəti belə tədbiri AQTA əməkdaşları hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə Bərdə rayonunda keçiriblər.

 

Daxil olan məlumat əsasında Bərdə rayonu Alaçadırlı kəndində məskunlaşmış Laçın rayonu Soyuqbulaq kənd sakini “bala Tofiq” ləqəbli 1975-ci il təvəllüdlü Qurbanov Tofiq İbrahim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.

 

Baxış zamanı vətandaşa məxsus həyətyanı sahədə mənşəyi məlum olmayan, insan istehlakı üçün istifadəyə yarasız və sümükdən ayırılmış vəziyyətdə satış üçün hazırlanmış təxmini çəkisi 255 kq ət aşkar edilib. Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı,ətin kəskin iyli olduğu məlum olub.

 

Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

 

Qeyd edək ki, ötən ay “Leş Tofiq” və onun mütəşəkkil dəstəsinə qarşı əməliyyat keçirilib.