Müsəlmanlar on ikinci İmamın mövlud gününü qeyd edirlər

“Sahibəzzəman”, “Vəliyyi-əsr”, “Vəd edilmiş Mehdi”, “Höccət” 12-ci imamın ən məşhur ləqəblərindəndir.

Bakı, Aytən Əliyeva, İnteraz - 20 Aprel 2019, 20:09

Bütün müsəlmanlar qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və yer kürəsini ədalətlə təmin edəcəyini qəbul edir və ona inanırlar.

 

İnterAz xəbər verir ki, hicri-qəməri tarixi ilə müqəddəs şaban ayının 15-i, müsəlmanların 12-ci imamı Höccət ibn Həsən əl-Məhdinin mövludu günüdür.

 

İmam hicri-qəməri təqvimi ilə 255-ci ildə Samirra şəhərində dünyaya gəlib və onun doğum günü həftənin birinci gününə təsadüf edib. İmamın birinci qeybə çəkilmə dövrü 69 il çəkib. İmamın ikinci qeybə çəkilmə dövrü isə 329-cu ildən başlayıb və hələ də davam edir.

 

Hədislərə görə, bulud arxasındakı günəşə bənzədilən imam, dünya zülmə qərq olan zaman zühur edərək, ədaləti orada bərpa edəcək.

 

“Sahibəzzəman”, “Vəliyyi-əsr”, “Vəd edilmiş Mehdi”, “Höccət” 12-ci imamın ən məşhur ləqəblərindəndir.

 

Peyğəmbərdən (s) nəql edilən hədisə əsasən, onunla Mehdinin adı və künyəsi eynidir və o, dünyanın sonuna bir gün qalsa belə, zühur edərək, yer üzündə ədaləti bərpa edəcək.

 

Bir çox hədislərdə qeyd edilir ki, müsəlmanlar bunun üçün, birinci növbədə, özlərini və cəmiyyətlərini islah etməli və bundan sonra onun gəlişini gözləməlidirlər. Bəzi hədislərdə deyilir ki, özlərini islah etmiş möminlərin 12-ci imamı gözləməsi ibadət hesab edilir.

 

Tanınmış sünni alimlərindən Əbu-Davud Sunən əsərində əl-Mehdi adlı fəsil açaraq, Peyğəmbərin (s) 12-ci imam barədə hədisini burada qeyd edərək, Mehdinin (ə) Fatimə (ə) övladı və 12-ci rəhbər olduğunu söyləyiblər.

 

Məkkədə yaşayan Qüreyş tayfasından və Peyğəmbərin (s) nəslindən olan, Məhəmməd adlı 12-ci rəhbərin cəmiyyətə çıxaraq ədaləti bərpa edəcəyi heç bir müsəlman məzhəbi tərəfindən təkzib edilməyib və məhz buna görədir ki, hazırda qeybdə olan imamın doğum günü bütün müsəlmanlar tərəfindən xüsusi şəkildə qeyd olunur.

 

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da məscidlər və dini ocaqlarda İmamın doğum günü ilə bağlı mərasimlər keçirilir.