Azərbaycanın cənub bölgəsində yeni çay kolları və feyxoa növləri yetişdirilir

Yetişdirilən yeni forma və sortlar artıq öz uğurlu nəticəsini verib

Lənkəran, Zaur İsmayılov, Vüsal Nəbiyev, İnteraz - 22 Oktyabr 2013, 14:25

Respublika elmi–tədqiqat bağçılıq və subtropik bitkilər institunun, Lənkəran çay və sitrus bitkiləri filialının mütəxəssisləri yeni bir uğura imza atıblar. Mütəxəssislər, çay kolları və feyxoa meyvəsi üzərində apardıqları elmi-tədqiqat işləri nəticəsində yeni forma, sortlar əldə ediblər. Filialın direktoru Fərman Abdullayev deyir ki, dünyada əsasən çayın 2 növü Tea Sinezez, yəni Çin və Tea Asamika, yəni Hind növləri becərilir. Bizim bölgəmiz üçün Tea Sinezez, yəni Çin növü daha münasibdir. XIX əsrin axırlarından, XX əsrin əvvəllərində respuplikamıza gətrilib əkilən bu çay növü, digər subtropik bitkilər kimi müxtəlif vaxtlarda alim və mütəxəssislər tərəfindən elmi–təqdiqat işləri aparılıb. Hal-hazırda çay kolleksiya bağında alimlər tərəfindən indiyənə kimi 260–dan çox forma müəyyən edilib ki, bunlardan da 60-a yaxın formalar kolleksiya bağında qorunub saxlanılır.

Bundan əlavə bu il 1 ha yaxın yeni çay plantasiyası salmaq planlaşdırılıb. Bunun üçün də əkinə qədər lazımı işlər yerinə yetirilib. Bu sortların müsbət cəhəti ondan ibarətdir ki, ancaq yerli populyasiyadan alınan forma və sortlardır. Bu da bölgənin tam iqlim şəraitinə uyğun sortlardır. Bu sortlar da yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malikdirlər. Yeni sortlar rayonlaşdırdıqdan sonra geniş şəkildə artırılaraq yeni plantasiyalar salınacaq, bu da gələcəkdə bölgənin çayçılığının əvvəlki şan–şöhrətini özünə qaytarmış olacaq. 

Qeyd etdiyimiz kimi, mütəxəssislər feyxoa meyvəsinin də yeni sortlarını əldə ediblər. Bildiyimiz kimi, feyxoanın yetişməsi 1 ay və ya ay yarım çəkir. Artıq seleksiya yolu ilə feyxoanın 4 forması 76, 77, 78 və 79 adlı növləri hazırdır. Bu sortlar həm xarici görünüşünə görə, həm məhsuladarlığına görə, həm keyfiyyət göstəricilərinə görə, həm də kollarının quruluşuna görə bir–birlərindən fərqlənirlər. Yeni feyxoa kollarını açıq şəkilli, piramidal, yığcam şəkilli görmək mümkündür. Əlbətdə ki, bu formalarda məhsuldarlıqda müəyyən rol oynayır.

Yeni sortlar orta yetişkənliyə malikdir. Bu sortlar arasında elə sort var ki, bir kol mövsüm ərzində 120-150 kq tam məhsul verə bilir. Bunların arasında gec və tez yetişən sortlar da var.

Mütəxəssislər rayonda yaradılan fermer təsərrüfatına, bu sortların əkilməsini daha məqsədəuyğun hesab edirlər. Çünki bu sortlar təbii iqlim şəraitinə uyğunlaşdırılıb.

 

sss