Prezident Nursultan Nazarbayev həmyerlilərimizi orden və medallarla təltif edib

Qazaxıstanda elm, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələrində çalışanlar, ö cümlədən yüksək vəzifəli məmurlar arasında həmyerlilərimiz də var

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 15:29

Bu gün Qazaxıstanın müstəqilliyinin 27-ci ildönümü qeyd edilir. Bu bayram münasibətilə ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlar arasında dostluq və əməkdaşlığın güclənməsinə töhfə verilməsində göstərdikləri xidmətlərə görə müxtəlif sahələrdə çalışanlar mükafatlandırılıb.

 

İnterAz AZƏRTAC-a istinadən xəbər verir ki, Nursultan Nazarbayevin Sərəncamı ilə mükafatlandırılanlar arasında altı azərbaycanlı da var. Onlar ölkənin inkişafında göstərdikləri xidmətlərlə görə orden və medallarla təltif ediliblər. Onların arasında Qazaxıstan Azərbaycanlıları İttifaqının rəhbəri Əbülfəz Xamedov ən yüksək mükafata - II dərəcəli dostluq medalına layiq görülüb. Bu, son beş ildə Qazaxıstanda yaşayan azsaylı xalqların nümayəndəsinə verilən ən yüksək mükafatdır.

 

Qazaxıstanın iqtisadi nailiyyətlərində xidmətlərinə görə Allahverdi Mamedov, Bəxtiyar Mirzəyev, Faiq Mahmudov, Faiq Bayramov və Allahqulu Cəfərov da mükafatlarla təltif olunublar.

 

Qeyd edək ki, Qazaxıstanda 200 mindən çox azərbaycanlı yaşayır. Prezident Nursultan Nazarbayev Azərbaycan icmasına hər zaman xüsusi diqqətlə yanaşır. Dövlətlərimizin başçılarının səyləri nəticəsində ölkələrimizi həmişə səmimi dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri birləşdirib. Qarşılıqlı münasibətlərin müasir vəziyyətini və perspektivlərini qiymətləndirərək inamla demək olar ki, dövlətlərimiz arasında əlaqələr daha da genişlənəcək və möhkəmlənəcək.

 

Qazaxıstan Xalqlar Assambleyasında Nursultan Nazarbayevin köməkçisinin də məhz azərbaycanlı olması Qazaxıstan cəmiyyətində azərbaycanlıların mövqeyinin daha da möhkəmlənməsindən xəbər verir.

 

Qazaxıstanda elm, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələrində çalışanlar, ö cümlədən yüksək vəzifəli məmurlar arasında həmyerlilərimiz də var.