Bakıda Milli Qəhrəmanlar abidəsinin açılışı olub - FOTO

Açılışda Binəqədi rayon icra başçısının I müavini İlqar Süleymanov ərazi bütövlüyümüz uğrunda döyüşmüş qəhrəman həmvətənlərimizin daim dövlətin diqqətində olduğunu bildirib

Bakı, Tural Səftərov, İnteraz - 27 Fevral 2014, 09:11

Bakıda Milli Qəhrəmanlar abidəsinin açılışı olub.

 

Binəqədi Rayon İcra Hakimiyyətindən İnterAz-a verilən məlumata görə, Xocalı faciəsinin 22-ci ildönümündə paytaxtın Biləcəri qəsəbəsində milli qəhrəmanlarımızın şərəfinə ucaldılmış abidənin açılışında Binəqədi rayon icra hakimiyyətinin təmsilçiləri, deputat Madər Musayev, gənclər, hərbçilər və məktəblilər iştirak ediblər.

 

Açılışda Binəqədi rayon icra başçısının I müavini İlqar Süleymanov ərazi bütövlüyümüz uğrunda döyüşmüş qəhrəman həmvətənlərimizin daim dövlətin diqqətində olduğunu bildirib, onların keçdiyi şərəfli həyat yolunun gənc nəsillər üçün örnək olduğunu vurğulayıb.

 

Sonra İ.Süleymanov və M. Musayev Milli Qəhrəmanlar Mirzə Quliyev və Bəxtiyar Allahverdiyevlə birlikdə abidənin açılışını ediblər. Rayon İcra Hakimiyyətinin adından abidənin önünə əklil qoyulub, sonra orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.