Qəhrəmanlar ölmürlər: "Boz qurd" Təbriz Xəlilbəyli

Xəlilbəyli Təbriz Xəlil Rza oğlu — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın xalq şairi Xəlil Rzanın oğludur

Bakı, Vüsal Nəbiyev, İnteraz - 31 Yanvar 2014, 12:32

Xəlilbəyli Təbriz Xəlil Rza oğlu — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın xalq şairi Xəlil Rzanın oğludur.

Təbriz Xəlilbəyli 1964-cü il 12 fevralda Bakı şəhərində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Təhsilini qiyabi davam etdirərək, həm də C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işıqçı işləyir.

Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərib. Döyüş şücaətinə görə DİN-in "Boz qurd" mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü olub. O, qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. 

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub. Ailəli idi. İki qızı yadigar qalıb.