İslam ümməti böyük şövqlə Fitr bayramına hazırlaşır

Ramazan bayramının ilk əməli bu addımla yəni yoxsula yardım mahiyyəti daşıyan fitrə zəkatı ilə başlayır...

Bakı, Aytən Əliyeva, İnteraz - 04 Iyun 2019, 11:40

Artıq bəzi müsəlman dövlətlərti Ramazan bayramı yəni Fitr bayramı gününü qeyd etməyə başlayıblar. Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə kimi müsəlman ölkələrində bu gün bayram tətili elan edilib. Digər müsəlman və ərəb dövlətləri isə sabah Ramazan bayramının sevincini yaşayacaqlar.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bir sıra ərəb və müsəlman ölkələrində olduğu kimi Azərbayacan Respublikasında da ramazan bayramı sabah qeyd ediləcək. Zamanından və məkanından asılı olmayaraq müsəlmanlar böyük şövqlə bu bayrama doğru can atır, Allah dərgahında etdikləri ibadətlərinin bəhrəsini görmək və onun sevincini imkan daxilində birgə yaşamaq istəyirlər.

 

Quranın göstərişləri, Peyğəmbər və İmam kəlamlarına əsasən, ramazanın son günün hamı öz əmlakından cüzi bir miqdarda ayırmalı, onu yoxsullara verməlidir.

 

Ramazan bayramının ilk əməli bu addımla yəni yoxsula yardım mahiyyəti daşıyan fitrə zəkatı ilə başlayır.

 

Fitr bayramının axşamı qürub (günbatan) vaxtı, həddi-büluğa çatmış, aqil (psixi cəhətdən normal vəziyyətdə) olan, ehtiyaclı olmayan şəxslərə fitrə zəkatı ayırmaq vacibdir. Fitrə zəkatı ayırmalı olan şəxs, özünün və Fitr bayramı axşamı qürub çağında onun çörəkyeyəni olan şəxslərin fitrə zəkatını verməlidir. Fitrə zəkatını verməli olan şəxsin çörəkyeyənlərinin kiçik və ya böyük, müsəlman və ya qeyri-müsəlman, xərclərinin bu şəxsə vacib olub-olmamasından, öz şəhərində yaşayıb-yaşamasından asılı olmayaraq, onların fitrə zəkatlarını verməlidir. Ev sahibinin razılığı ilə qürubdan qabaq qonaq gələn şəxslərin də fitrə zəkatı ev sahibinin üzərindədir.

Fitrə zəkatı kimi adambaşına 3 kq arpa, buğda, düyü, xurma və ya bu kimi ərzaq məhsulları hesabı ilə çıxarılır. Bunların müqabilində pul da verilə bilər. Fitrə zəkatı bayram axşamından bayram namazının qılınma vaxtınadək verilməlidir. İlk növbədə yaxın qonşuluqda olan imkansız müsəlmanlara, belələri yoxdusa, qohumlar arasında olan imkansızlara və ya yoxsul tələbələrə verilə bilər. Peşəsi dilənmək olan və spirtli içki içənlərə firə zəkatı vermək olmaz.

 

Fitr bayramı günü qüsl almaq, bayram namazını qılmaq, dua oxumaq, istiğfar və möminləri dua etmək. Bayram günü müsəlmanların təmiz və təzə paltar geyib və ətirlənib namazı açıq fəza altında qılmaları tövsiyə olunur.

 

Ramazan bayramında həyata keçirilməsi təkidlə vurğulanan ayinlərdən biri də Fitr bayramı namazıdır.

 

Fitr bayramı ilə Qurban bayramı namazlarının qılınma qaydası eynidir. Bu iki bayram namazının vaxtı, gün çıxan vaxtdan zöhrə qədərdir. Fitr bayramında müstəhəbdir ki, gün qalxandan sonra iftar edib fitrə zəkatını verəndən sonra bayram namazı qılınsın.

 

Fitr və Qurban bayramı namazları iki rəkətdir. Birinci rəkətdə "Həmd" surəsindən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib ruku və iki səcdə edib ayağa qalxmalı, İkinci rəkətdə isə, "Həmd" surəsindən sonra dörd təkbir deyilməli və hər təkbirdən sonra qunut tutub beşinci təkbirdən sonra ruku və səcdələri yerinə yetirib təşəhhüd və salamları deyib namazı qurtarmaq lazımdır.

 

Ən çox oxunan