"Türkiyə-Ermənistan münasibətlərinin Dağlıq Qarabağ məsələsi ilə əlaqələndirilməsinə qarşı cıxanlar var"

"Türkiyə əvvəlki mövqeyini dəyişməz olaraq saxlayıb"

Bakı, Amid İsbəndərov, Tural Səftərov, İnteraz - 14 Dekabr 2013, 15:14

Türkiyə Ermənistanla sərhədlərini bağlamasını Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə şərtləndirir.

 

İnterAz xəbər verir ki, bunu SalamNews-a Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlunun Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) yığıncağına qatılmaq üçün Ermənistana səfərini şərh edərkən bildirib.

 

Onun fikrincə, Dağlıq Qarabağla bağlı aparılan danışıqlar və bu prosesin içərisində qrupun digər üzvləri kimi, Türkiyə Respublikasının da mühüm yer alması, təbii olaraq, bir sıra maraqlı fikirlərin meydana gəlməsinə səbəb olur.

 

B.Muradova vurğulayıb ki, Türkiyə Ermənistanla sərhədlərini bağlamasını Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə şərtləndirir: "Bu, 2015-ci ilədək Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəyənlərin müxtəlif fikirlər səsləndirmələri ilə nəticələnir. Onlar Türkiyə-Ermənistan münasibətlərinin Dağlıq Qarabağ məsələsi ilə əlaqələndirilməsinə hər vəclə qarşı çıxırlar. Amma Türkiyənin mövqeyi dəyişməzdir. Qardaş ölkə hər zamankı fikrini təkrarlayır və münasibətlərin normallaşmasında maraqlı olduğunu vurğulamaqla yanaşı, bunu Azərbaycan ərazilərinin azad olunması, Ermənistan qoşunlarının ərazilərdən çıxardılması şərti ilə bağlayır. Amma təəssüf ki, Ermənistan tərəfi hələ ki tutduğu mövqedən əl çəkmir."

 

Vitse-spiker, həmçinin deyib ki, Əhməd Davudoğlunun bir neçə gün əvvəl Ermənistana etdiyi səfər barədə KİV-də yazılan məlumatlardan görmək olur ki, Türkiyə əvvəlki mövqeyini dəyişməz olaraq saxlayıb: "Türkiyənin Azərbayanın Dağlıq Qarabağ münaqişəsi qədər ağır probleminə öz problemi kimi yanaşmasını yüksək dəyərləndirirəm. Hesab edirəm ki, Azərbaycana dost və qardaş ölkə hər zaman yalnız bu mövqedən çıxış etməlidir. Ə.Davudoğlunun Ermənistana səfəri çərçivəsində Dağlıq Qarabağla bağlı apardığı danışıqların tam mətni açıqlanmasa da inanıram və əminəm ki, Türkiyə tərəfi bu dəfə qarşı tərəfə əvvəlki mövqeyini nümayiş etdirib."