"Müsavat Partiyası artıq Milli Şuranı tərk etmək ərəfəsindədir"

Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib

Bakı, Orxan Kərimov, İnteraz - 14 Dekabr 2013, 11:55

"Bu günlərdə Müsavat Partiyasının Divanı Milli Şuradakı son durumu müzakirə edib. Belə qərar qəbul olunub ki, müsavatçılar vəziyyəti aydınlaşdırmaq üçün Şuradakı partiyalar və gənclər təşkilatlarının rəhbərləri ilə ikitərəfli danışıqlara başlasınlar. Partiya rəsmiləri bunu Milli Şuranı xilas etmək cəhdi kimi qiymətləndirsələr də, məsələnin kökündə başqa məsələnin durduğu hiss edilir". 

 

İnterAz-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə öz facebook səhifəsində bildirib.

 

Deputat qeyd edib ki, görünür Müsavat Partiyası seçkidən sonra Milli Şuradan maksimum siyasi divident götürməyə çalışır. "Onsuz da, şura prezident seçkilərində heç bir uğur qazana bilmədi. İndi də ortaya təqdirəlayiq nəticə qoya bilmirlər. Onların namizədi ümumi səslərin cəmi beş faizini toplaya bildi. Seçkidən sonra isə şura üzvü olan keçmiş müttəfiqlər bir-birinin ardınca o qurumu tərk etməyə başladılar.

 

Müsavat Partiyası yaranmış vəziyyətdən istifadə edərək qalan siyasi qüvvələri öz çətiri altına yığmağa çalışır. Buna görə də gah öz namizədini təklif edir, gah da oranı tərk edəcəyi ilə hədə-qorxu gəlməyə çalışır.

 

İndiki ikitərəfli danışıqlar yalnız həmin partiyaları Müsavata tabe etmək məqsədi daşıyır. Belə hiss edilir ki, Müsavat Partiyası artıq Milli Şuranı tərk etmək ərəfəsindədir. Çünki qalan partiyalar heç də onların liderliyini qəbul etmək fikrində deyil.

 

Düşünürəm ki, müsavatçılar danışıqların sonunda istəklərinin alınmadığını görüb keçmiş müttəfiqlərini birliyi pozmaqda ittiham edərək şuranı tərk edəcəklər. Bu cür hal birinci dəfə baş vermir. Müsavat Partiyası seçkidən sonra özü yaratdığı birlikləri çox asanlıqla tərk edir. Biz dəfələrlə belə məqamın şahidi olmuşuq".