Türkiyə cəfərilərinin lideri Əhməd Davudoğlunun Ermənistana səfərini tənqid edib

Halkalı Zeynəbiyə məscidində qılınan cümə namazından sonra S.Özgündüz buraya toplaşmış minlərlə insana səslənib

Bakı, Tural Səftərov, İnteraz - 14 Dekabr 2013, 11:32

Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüz Xarici İşlər naziri Əhməd Davudoğlunun Ermənistana səfərini tənqid edib.

 

İnterAz-ın "zeynebiye.com"a istinadla verdiyi xəbərə görə, Halkalı Zeynəbiyə məscidində qılınan cümə namazından sonra S.Özgündüz buraya toplaşmış minlərlə insana səslənib.

 

“Artıq Suriya məsələsini gündəmə gətirmirəm. Şükürlər olsun ki, imperialist cəbhə yenidən məğlub oldu. Xarici İşlər nazirimiz Ermənistanda idi. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmədikcə, Türkiyə sərhədini tanımadıqca, soyqırımı xülyalarından əl çəkmədikcə bizim onlara yaxınlaşmağımız məntiqsiz davranış olar. Turizmi inkişaf etdirmək lazımdır deyə, qapımızı hər kəsə açmağımız düzgün deyil. Dünyanın altı milyardı bizim üçün kifayət etmirmi ki, oradakı iki milyon ac erməninin turizmimizə yardımını gözləyək? Mənə qalsa, Ermənistanla təkcə quru sərhədləri deyil, hava dəhlizi də bağlanmalıdır. Ermənilər xəyanət etmiş millətdir və beynəlxalq arenada hələ də xəyanətlərini davam etdirirlər. Onlar neçə-neçə diplomatımızı şəhid ediblər”, - S.Özgündüz deyib.