İşçi qrupunun növbəti iclası sabaha planlaşdırılıb

Qarabağla bağlı koordinasiya qrupunun növbəti iclasının fevralın 27-də Moskvada keçirilməsi planlaşdırılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Fevral 2021, 14:27

Qarabağla bağlı koordinasiya qrupunun növbəti iclasının fevralın 27-də Moskvada keçirilməsi planlaşdırılıb.

 

İnterAz xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Prezident bununla belə iclasın təxirə salınması ehtimalına diqqət çəkərək, İrəvan tərəfindən hələ dəqiq cavab gəlmədiyini bildirib.

 

“İki görüş artıq baş tutub. Üçüncüsü sabah Moskvada planlaşdırılırdı, ancaq mənə İrəvanın bunu təxirə salıb-salmadığı barədə hələ ki, məlumat verilməyib. Əgər təxirə salınarsa, biz bunu anlayışla qarşılayarıq”,- deyə İlham Əliyev qeyd edib.

 

Qeyd edək ki, yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev,  Vladimir Putin və Nikol Paşinyan arasındakı danışıqlardan sonra üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi bir işçi qrupu yaradılıb. İşçi qrupu Qarabağın inkişaf planlarına dair təkliflərini martın 1-dək təqdim etməlidir.

 

Üçtərəfli işçi qrupunun ikinci iclası fevralın 12-də videokonfrans formatında keçirilib.

sss