BMT dünyada yalan informasiya yayanlara qarşı mübarizəyə başlayıb

...Təşəbbüs dünyanın aparıcı sosial səfərbərlik təşkilatlarından biri olan Purpose ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 22 May 2020, 10:00

Birləşmiş Millətlər Təşkilatı (BMT) COVID-19-la əlaqədar artmaqda olan dezinformasiyaya qarşı mübarizə aparmaq üçün etibarlı, dəqiq məlumatların həcmini çoxaltmaqla ‘Verifed’ (Yoxlanmış) adlı qlobal kampaniyaya başlayıb.

 

Bu barədə İnterAz-a BMT-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

 

Təşəbbüsü BMT-nin Baş katibi António Quterreş təqdim edib: "Virtual məkanlarımızı yalan, qorxu və nifrət dolu məlumatları nəql edənlərə təslim etməməliyik. Dezinformasiya onlayn məkanda, ünsiyyət proqramları və insanların bir-birinə ötürməsi nəticəsində geniş yayılmaqdadır. Bu kimi məlumatların müəllifləri, cəlbedici məhsullardan və yayma metodlarından istifadə edirlər. Buna qarşı mübarizə aparmaq üçün alimlər və Birləşmiş Millətlər Təşkilatı kimi təsisatlar insanları etibarlı və dəqiq məlumatlarla təmin etməlidirlər".

 

BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin idarə etdiyi “Verified” təşəbbüsü üç mövzu ətrafında məlumat verəcək:

 

- həyatları xilas etmək üçün - elm; 

 

- yerli və qlobal əməkdaşlığı təşviq etmək üçün – həmrəylik;

 

- təsirə məruz qalmış əhaliyə dəstək olmaq üçün – həllər. 

 

Təşəbbüs həmçinin iqlim böhranının həllinə, eləcə də yoxsulluq, bərabərsizlik və aclığın səbəblərini aradan qaldırmağa yönələn bərpa proqramlarını da təşviq edəcək.

 

Təşəbbüs dünyadakı insanları, onların ailələri və icmalarını düzgün informasiya ilə təmin etmək üçün əsaslandırılmış məzmun paylaşmaq istiqamətində "informasiya könüllüləri" olmağa çağırır. Rəqəmsal məkanda öncül rol oynayan könüllülərə hər gün səhv məlumatı birbaşa təkzib edən ya da informasiya boşluğunu dolduran və sosial media üçün uyğunlaşdırılmış, habelə məzmun baxımından yoxlanılmış xəbərlər göndəriləcək. 

 

Qlobal Kommunikasiyalar Departamenti COVID-19-la əlaqəli nifrət və zərərli ifadələrin kökünü kəsmək üçün sosial media platformaları ilə işləyəcək, eləcə də etibarlı məzmunu yaymaq üçün BMT agentlikləri, BMT-nin ölkə üzrə idarə heyətləri, ictimai rəyə təsir gücünə malik insanlar, vətəndaş cəmiyyəti, biznes və media təşkilatları ilə tərəfdaşlıq edəcək: “Bir çox ölkələrdə rəqəmsal kanallar üzərindən yayılan yanlış məlumatlar ictimai səhiyyə tədbirlərinə mane olur və iğtişaşların ehtimalını artırır. Böhrandan nativizm (şovinizm) meyllərini artırmaq və ya azlıq qruplarını hədəfləmək üçün istifadə etmək cəhdlərinə dair daxil olan məlumatlar narahatlıq doğurur. Belə hallar cəmiyyətlərdəki gərginlik böyüdükcə və iqtisadi və sosial çətinliklər artdıqca daha da dərinləşə bilər,” Qlobal Kommunikasiyalar üzrə Baş katibin müavini Melissa Fleminq qeyd edib. "Verified təşəbbüsü, eyni zamanda, yerli səviyyədə humanizm yanaşmalarını, qaçqın və miqrantların töhfələrini nəzərə alan və qlobal əməkdaşlığa xidmət edən ümid yaradan məzmundan istifadə edərək sözügedən meylləri həll etmək üçün çalışacaq".

 

Təşəbbüs dünyanın aparıcı sosial səfərbərlik təşkilatlarından biri olan Purpose ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Təşəbbüsü IKEA Fondu və Luminate də dəstəkləyir.

 

IKEA Fondunun proqramlar üzrə baş nümayəndəsi Patrisia Atkinson bildirib: “COVID-19 pandemiyası ictimai səhiyyə sahəsində misli görünməmiş qlobal böhrandır. IKEA Fondu hər bir şəxsin ailəsini və yaxınlarını etibarlı qoruması üçün tələb olunan tutarlı elmi dəlil və məsləhətlərə çıxışı təmin etmək məqsədi daşıyan Verified təşəbbüsünü dəstəkləməkdən qürür duyur.” 

 

Luminate şirkətinin İdarəedici direktoru Nişant Lalvani bunları söyləyib: "COVID-19 dəqiq, etibarlı məlumatlara çıxış imkanının qorxu və dözümlülük, parçalanma və birlik, hətta həyat və ölüm arasındakı fərqi əks etdirdiyini xatırladır. Dünya əhalisini və icmaları qorumaq üçün etibarlı, elmə əsaslanan məlumatları sürətlə yayaraq koronavirus 'infodemiyası' ilə mübarizə işinə töhfə verən Verified təşəbbüsünü dəstəkləmək bizim üçün şərəfli vəzifədir".