Ayətullah Sistaninin dəftərxanası İraqdakı aksiya və iğtişaşlar haqda bəyanat verib

Əsas məsuliyyət parlament nümayəndələrinin öhdəsinə düşür...

Bakı, Aytən Əliyeva, İnteraz - 04 Oktyabr 2019, 16:12

"Ölkənin məhkəmə sistemi və nəzarət edən qurumlar korrupsiyaçıların təqibi və cəzalandırılması istiqamətində kafi addımlar atmayıblar. Vəziyyət belə davam etsə problemlərin həlli üçün ümid qalmaz. Məhkəmə Hakimiyyəti, İcra və Qanunvericilik Hakimiyyətləri həqiqi islahat istiqamətində addımlar atmalıdırlar. Əsas məsuliyyət parlament nümayəndələrinin öhdəsinə düşür... Aksiyalarda zorakı addımların atılması qəbuledilməzdir."

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Ayətullah Sistaninin rəsmi nümayəndəsi Seyid Əhməd əs-Safi bu gün Kərbəla şəhərində cümə namazı xütbəsində deyib.

 

Ayətullah Sistaninin nümayəndəsi aksiyalarda zorakı addımların atılmasının, aksiyaçılara atəş açılmasının, təhlükəsizlik qüvvələrinə xəsarət yetirməyin və ümumi əmlaka ziyanların vurulmasının qəbul edilməz olduğunu bildirib.

 

Ə. əs-Safi hökumətdən, ölkənin Məhkəmə və Qanunvericilik Hakimiyyətindən islahatların həyata keçirilməsi, korrupsiyaçıların təqibi və cəzalandırılması barədə ciddi addımların atılmasını tələb edib.

 

"Hökumətə vacibdir ki, vətəndaşların problemlərinin həllində və işsizlərin işlə təmin edilməsində öhdəliklərini lazımınca yerinə yetirsin", deyə Ayətullah Sistaninin nümayəndəsi İraqın 3 hakimiyətini deyilən məsələdə tələsməyə çağırıb.

 

Qeyd edək ki, son 4 gündə İraqda iqtisadi məsələlərlə bağlı etiraz aksiyaları iğtişaşlar və toqquşmalarla nəticələnib. Ölənlərin sayının 30-u keçdiyi bildirilir.