Qəbələdə Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib

Görüşdə regional və qarşılıqlı əməkdaşlığa dair digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 13:04

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

 

Müdafiə Nazirliyindən İnterAz-a verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri, general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin gündən-günə inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. 

 

Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

 

Türkiyəli nazir də, öz növbəsində, Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin genişlənməsində bu cür görüşlərin vacibliyindən danışıb.

 

Görüşdə regional və qarşılıqlı əməkdaşlığa dair digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.