Azay Quliyev: "Büronun təklikdə qalması Lenarçiçi ciddi şəkildə düşündürəcək"

"İlkin rəy hamı tərəfindən bir mənalı şəkildə rədd edilmiş oldu"

Bakı, , İnteraz - 12 Oktyabr 2013, 14:30

"ATƏT/DTIHB və ATƏT PA-nın adından açıqlanan ilkin rəy kifayət qədər mübahisəli və reallığı tam olaraq əks etdirmədiyindən ciddi narazılığa səbəb oldu. Bu hesabata ilk etiraz edən ATƏT-in müşahidə missiyasının koordinatoru, ATƏT PA-nın üzvü Mişel Vauzen oldu. Faktiki olaraq ATƏT/DTIHB və ATƏT PA fəaliyyətini əlaqələndirən şəxsin bu hesabatla razılaşmaması və seçkilərin şəffaf, azad və ədalətli keçməsini təsdiqləməsi, Avropa Parlamenti və Avropa Şurasının seçki ilə bağlı qərarlarına qoşulması bir çox qaranlıq məsələlərə aydınlıq gətirdi". İnterAz-ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Patriyasının rəsmi saytına Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev bildirib.

 

A.Quliyev ATƏT-in fəaliyyətdə olan hazırkı sədri Leonid Kojaranın da seçkilərin ATƏT-in və Avropa Şurasının tələblərinə uyğun keçirildiyini və bu istiqamətdə tərəqqinin əldə olunduğunu bildirməklə ATƏT/DTIHB mövqeyi ilə həmrəy olmadığını nümayiş etdirdi: «Əgər bu siyahıya digər beynəlxalq təşkilatların da rəyini əlavə etsək, görərik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun açıqladığı ilkin rəy hamı tərəfindən bir mənalı şəkildə rədd edilmiş oldu. Güman edirəm ki, DTİHB-in təklikdə qalması və onun mövqeyinin yerli və beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in sədri və ATƏT-in seçki müşahidə missiyasının rəhbəri tərəfindən qəbul edilməməsi onun direktoru Lenarçiçi ciddi şəkildə düşündürəcək”. A.Quliyev ATƏT PA-nın bu gun Montenoqrada keçiriləcək büro iclasında və sonrakı günlərdə baş tutacaq payız sessiyasında büronun ünvanına deyilən iradlara əsaslandırılmış və məntiqi bir cavab alacaqlarını qeyd edib.