Deputatlarımız Monteneqroya gedir

Onlar ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak edəcəklər

Bakı, , İnteraz - 12 Oktyabr 2013, 12:55

Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün oktyabrın 12-dən 16-dək Monteneqronun Budva şəhərində səfərdə olacaq. İnterAz-ın Mİlli Məslisin saytına istinadən verdiyi məlumata görə,  nümayəndə heyətinə Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova və deputat Azay Quliyev daxildirlər. Sessiya çərçivəsində ATƏT Parlament Assambleyasının Aralıq Dənizi Forumu və “Transmilli təhdidlər və insan hüquqlarının müdafiə olunmasında ATƏT-in rolu” mövzusunda parlament konfransı keçiriləcək.

Bu tədbirlərdə Aralıq Dənizi regionu: sivilizasiyaların ittifaqı, Suriyada vəziyyət, ATƏT məkanında terrorizmə və transmilli təhdidlərə qarşı mübarizə və insan hüquqlarına riayət olunması, təhlükəsizlik sahəsində maliyyə böhranının nəticələri, müxtəlif cəmiyyətlərin inteqrasiyası və digər mövzularda fikir mübadiləsi aparılacaq. İclaslarda nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər. Sessiya ərzində Assambleya Bürosunun və Daimi Komitəsinin də iclasları keçiriləcək.