Elmar Məmmədyarov İsrailin xarici işlər naziri ilə görüşüb - Foto

XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb

Bakı, Vüsal Nəbiyev, İnteraz - 30 Aprel 2014, 17:17

Bu gün nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

XİN-in mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, görüş əsnasında Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barəsində məlumat verərək, münaqişənin həll edilməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. Nazir əlavə edib ki, münaqişə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir. 

Aviqdor Liberman Azərbaycandakı yəhudi icmasının iki ölkə arasındakı münasibətlərin inkişafında rolunu müsbət qiymətləndirib.

Görüşün sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İsrail Dövlətinin Xarici İşlər Nazirliyi arasında Müntəzəm diplomatik məsləhətləşmələr haqqında protokol imzalanıb.