XİN: Suriyada azərbaycanlıların döyüşdüyü təsdiqlənsə, həmin şəxslərə qarşı qanuni tədbirlər görüləcək

"Əgər təsbit olunsa ki, onlar muzdlu şəkildə və ya hansısa digər üsullarla gedib orada döyüşürlər, onlara qarşı mütləq hüquqi addımlar atılacaq. Onların hansı rolda, hansı fəaliyyətdə, hansı niyyətlə ora getməsi araşdırılacaq"

Bakı, Tural Səftərov, İnteraz - 06 Fevral 2014, 13:37

Suriyada azərbaycanlıların döyüşdüyü təsdiqlənsə, həmin şəxslərə qarşı qanuni tədbirlər görüləcək. İnterAz xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "İrəli" İctimai Birliyinin təşkil etdiyi "Gənc Liderlər üçün Qış Universiteti"ndə gənclərlə görüşü zamanı bildirib.

 

Onun sözlərinə görə, Suriyada döyüşlərdə işitrak etdiyi bildirilən azərbaycanlılarla bağlı məsələ cəmiyyətin diqqət mərkəzindədir və əgər onların Azərbaycan vətəndaşlığı təsdiqlənərsə, onlara qarşı qanun çərçivəsində addımlar atılacaq: "Əgər təsbit olunsa ki, onlar muzdlu şəkildə və ya hansısa digər üsullarla gedib orada döyüşürlər, onlara qarşı mütləq hüquqi addımlar atılacaq. Onların hansı rolda, hansı fəaliyyətdə, hansı niyyətlə ora getməsi araşdırılacaq".

 

E.Abdullayev qeyd edib ki, Azərbaycan 2 il bundan əvvəl Suriyadakı diplomatik nümayəndəliyinin fəaliyyətini dayandırıb və Dəməşqdən Livanın paytaxtı Beyruta köçürüb. Diplomatik nümayəndəlik bağlananda Suriyadakı bütün Azərbaycan vətəndaşları təxliyə edilib. Ona görə də hazırda orada olan Azərbaycan vətəndaşlarının Suriyaya necə gedib çıxması, ora kimlər tərəfindən cəlb olunması və sair məsələlər ciddi şəkildə araşdırılır: "Bu gün Suriyada vəziyyət gərgin olmasaydı, hərb meydanına çevrilməsəydi, bunu araşdırmaq daha asan olardı. Lakin hazırda Suriyada dövlətlərin əksəriyyətinin diplomatik nümayəndəlikləri, eləcə də beynəlxalq təşkilatların nümayəndəlikləri yoxdur. Buna baxmayaraq, Azərbaycan bu məsələni müxtəlif kanallarla da olsa, araşdırır".

sss