“Biz sülhün, danışıqlar prosesinin tərəfdarıyıq”

Bu fikirləri Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib

Bakı, Tural Səftərov, İnteraz - 06 Fevral 2014, 11:00

ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfər edərək münaqişənin həlli ilə bağlı təkliflər verməsi müsbət haldır.

 

İnterAz xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı hakim partiyanın saytına verdiyi müsahibədə deyib.

 

O, qeyd edib: "Biz sülhün, danışıqlar prosesinin tərəfdarıyıq. Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, biz Minsk qrupundan münaqişənin həlli prosesində əməli addımlar gözləyirik".

 

M.Qurbanlı bildirib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətindən o qədər də razı deyil: "Bütün bunlara baxmayaraq, biz danışıqlar prosesini tərk etməməliyik.

 

Onun fikrincə, həmsədrlərin bölgəyə indiki səfəri cəbhədə yaranmış gərgin vəziyyətin sabitləşməsinə müsbət təsir göstərə bilər: "Hər halda həmsədrlərin fəallaşmasını müşahidə etməkdəyik və ümidverici bəyanatlar eşitməkdəyik. Güman edirəm ki, aparılan danışıqlar müəyyən nəticə verəcək. Ümumiyyətlə, xarici siyasətimizdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur. Buraya isə əsas məsələlər kimi Ermənistanın təcavüzkar siyasətinin dünya miqyasında ifşa olunması, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini göstərən qətnamələrin qəbuluna nail olunması, problemin həllində dünya dövlətlərinin dəstəyinin alınması və s. daxildir. Məhz Prezident İlham Əliyevin elan etdiyi hücum diplomatiyası sayəsində haqqında danışdığımız istiqamətdə mühüm nəticələr əldə olunub. Bilirsiniz ki, prezidentlər səviyyəsində növbəti görüşün keçirilməsi gözlənilir. Fikrimcə, bu da sülh prosesinin irəliyə aparılması üçün yeni imkanlar yarada bilər. Bütövlükdə, biz diplomatik cəbhədə ciddi nailiyyətlər qazanmışıq. Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası nəticəsində işğalçı Ermənistan dalana dirənib".

sss