Milli Məclis Azərbaycanla Türkiyə arasında təhlükəsizlik haqqında sazişi təsdiqləyib

Parlament eyni zamanda Türkiyə ilə Azərbaycan arasında əmək miqrasiya fəaliyyətini tənzimləyən sazişi də təsdiqləyib

Bakı, Tural Səftərov, İnteraz - 03 Fevral 2014, 17:04

Milli Məclis Azərbaycanla Türkiyə arasında təhlükəsizlik haqqında sazişi təsdiqləyib.

 

İnterAz xəbər verir ki, Parlamentin bu gün keçirilən iclasında iki ölkə arasında təhlükəsizlik üzrə əməkdaşlıq sazişini müzakirə edərək ratifikasiya edib. Sənədi imza edən tərəflər milli qanunvericiliklərinə və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə uyğun olaraq, transmilli cinayətkarlıq, xüsusilə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, qanunsuz miqrasiya, insan alveri, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə qarşı mübarizədə əməkdaşlıq etməyi öhdəlik kimi üzərlərinə götürürlər.

 

Parlament eyni zamanda Türkiyə ilə Azərbaycan arasında əmək miqrasiya fəaliyyətini tənzimləyən sazişi də təsdiqləyib. Sənəddə əmək miqrasiyası məqsədi ilə ilk dəfə müraciət edənə bir müddətə yaşamaq icazəsi verilir. Növbəti uzatma müddəti isə bir ildən az olmamaq şərti ilə uzadılır. Əmək miqrantı sənədə qoşulan ölkələrin qanunvericiliyində nəzərdə tutulan müddətdə müvəqqəti yaşadıqdan sonra həmin dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaşamaq icazəsi verilir.

 

Parlament eyni zamanda Türkiyə ilə Azərbaycan arasında beynəlxalq kombinə edilmiş yükdaşıma sazişini də təsdiq edib. Sənəd sazişi imzalayan tərəflər arasında ticarət mübadiləsini inkişaf etdirməklə yanaşı beynəlxalq yükdaşımanı asanlaşdırmaq məqsədini daşıyır.

sss